Empatiya

A small child hugs an older, injured child
İncinmiş birini qucaqlamaq empatiyanın bir işarəsidir.

Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.

“Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır.

Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Tam mənası ilə empatiya şəxsin özünü başqa birinin yerinə qoyaraq onun hiss, həyəcanını, istəklərini, davranışlarını anlamaq qabiliyyətidir.

İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hisləri keçirdiyini, mənəvi əziyyətləri, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Alman fenomenoloq Edit Styenə görə empatiya qurulmasını asanlaşdırmaq, maneə olmaq və ya qarşısı almaq mümkündür, amma heç vaxt olmayan empatiya formalaşdırıla bilməz. Editə görə empatiyanı qeyri-adi edən şey onun birdən ortaya çıxması, vəziyyətə uyğun özümüzü qarşı tərəfin yerində hiss etməyimiz və idarə oluna bilməməsidir. Empatiyanın əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamadan əvvəl onun niyə belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search