Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.
Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir. Buna baxmayaraq, bəzi ehtimallara görə, azarkeşlər "Nintendo" şirkətinin sosial şəbəkə idarəçilərini təəccübləndirmək istəmişdir. Bəziləri qeyd etmişdir ki, ondan törəmiş incəsənət əsərlərinin hamısı yalnız pornoqrafik idi, digərləri isə trendin sağlamdüşüncəli tona malik olduğunu vurğulamışdır. Bouzettin populyarlığının kəskin şəkildə artması qısa bir müddət ərzində eyni üslubda və azarkeş məhsulu olan başqa personajların da yaradılmasına gətirib çıxarmışdır. Yaponiyada bu azarkeş məhsulu olan personajların Yaponiya müəlliflik hüquqları çərçivəsində qanuni olub-olmaması müzakirə səbəbinə çevrilmişdir.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search