Qrafika

Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir.

XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən (akvarel, quaş, tempera) və yaxud pastel (rəngli karandaş) texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Çap qrafikasında qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranıb. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir. Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya ("lito" yunanca "daş" deməkdir), ağac üzərindəki qrafikaya isə ksiloqrafiya ("ksilo" – yunanca "ağac" deməkdir) deyilir. Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir. Sahəsinə görə qrafikanın kitab qrafikası (kitabın tərtibatı), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr), plakat qrafikası, sənaye qrafikası (məhsulun tərkibini bildirən açıqcalar, dəvətnamələr, paltar etiketləri) və s. kimi növləri var.

Qrafik – [yun. graphikos – əks olunmuş, çəkilmiş] 1)müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri. Məsələn, hava təzyiqinin dəyişməsini göstərən qrafik; 2)istehsalatda, nəqliyyatda və s.-də işlərin görüləcək müddətini və normaları dəqiq göstərən cədvəl, plan. Məsələn, qrafik üzrə işləmək; 3)təsviri incəsənətin növü. Reklam qrafiki şəkildən yerinə yetirilmə üsulu ilə fərqlənir. Hal-hazırda kompyüter metoduna əsaslanır; 4)müxtəlif prosesləri əyri xətlərlə göstərən diaqram, cədvəl; 5)funksional asılılığın xətlər vasitəsilə müstəvi üzərində həndəsi təsviri; 6)müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search