Fizika — təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluş və xassələrini öyrənən elm.[1]
Fizika ən fundamental və qədim elmlərdən biridir. Son iki min ilin böyük hissəsində fizika, kimya, biologiya və riyaziyyatın bəzi sahələri təbiət fəlsəfəsinin tərkib hissəsi idi, lakin 17-ci əsrdə baş vermiş elmi inqilab zamanı bu sahələr bir-birindən ayrılaraq müstəqil elmi tədqiqat istiqamətlərinə çevrilmişdir.[2] Fizika biofizika və kvant kimyası kimi bir çox fənlərarası tədqiqat sahələri ilə kəsişir və onun sərhədləri sərt şəkildə təyin oluna bilmir. Fizikada meydana çıxan yeni ideyalar bir çox hallarda başqa elmlərin öyrəndiyi fundamental mexanizmləri izah edir və bu sahələrdə, eləcə də riyaziyyat və fəlsəfə kimi digər akademik fənlərdə yeni tədqiqat istiqamətləri irəli sürür.
Fizikadakı irəliləyişlər çox vaxt yeni texnologiyaların yaradılmasına imkan verir. Məsələn, elektromaqnetizm, bərk cisimlər fizikası və nüvə fizikası sahələrində əldə olunan nailiyyətlər birbaşa olaraq müasir cəmiyyəti dəyişdirən texnologiyaların — telefon, televizor, kompüter kimi cihazların, nüvə silahının yaranmasına səbəb olmuş; termodinamika sahəsindəki irəliləyişlər sənayeləşmənin inkişafına təkan vermiş, mexanika sahəsindəki nailiyyətlər isə diferensial və inteqral hesabının formalaşması üçün ilham qaynağı olmuşdur.[3]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search