Moruq

Moruq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir.

Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.

Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitamini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik. Bunlardan başqa meyvələrində 0,3 % aşı maddəsi, diqlükoza sianidin adlanan flavonoid də müəyyən edilmişdir.

Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici və temperaturu azaldıcı dərman kimi geniş istifadə edilir. O, həmçinin ödqovucu və sidikqovucu təsirə də malikdir. Təzə dərilmiş moruq meyvələrindən hazırlanmış mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır.

Moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, AvropaAmerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır. Meyvəsinin tərkibində şəkər [qlükoza, fruktoza və saxaroza], pentazon, üzvi turşular [alma, limon, salisil və s.] müxtəlif vitaminlər və pektin maddələri vardır.

Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Çiçək açdıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli, gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər. Lakin böyürtkəni yığmaq çox çətindir.

Böyürtkənin tərkibində 7–10% şəkər (qlükoza, fruktoza və azacıq saxaroza), 1–1,5% üzvi turşu (alma, şərab, limon, salisil), 1,8% pektinli maddə, karotin, C və B qrupu vitaminləri vardır. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır.

Böyürtkən müalicəvi və pəhrizi əhəmiyyətə də malikdir. Tərgətirici və sidikqovucu kimi istifadə edilir. Böyürtkən yarpaqlarından dəmlənmiş çay soyuqdəyməyə qarşı içilir. Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. 1 hektar sahədən arılar 20–25 kq bal hasil edə bilirlər.[3]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 218. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 492.
  3. Ə-C. İ. Əhmədov, N. T. Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search